Apr 09, 2026
Azərbaycanın bərpa olunan mənbələrdən istehsal edilən enerjisi artıq beynəlxalq sertifikatlaşdırılır
Azərbaycan bərpa olunan enerji sektorunun inkişafı və dekarbonizasiya hədəflərinə nail olmaq istiqamətində mühüm addım ataraq, Beynəlxalq Bərpa Olunan Enerji Sertifikatları sistemi I-REC(E) mexanizmini tətbiq etməyə başlayır.
Bu təşəbbüs ölkənin uzunmüddətli enerji strategiyası ilə birbaşa vəhdət təşkil edərək, Azərbaycanın bərpa olunan enerji üzrə hədəflərinə çatmasına xidmət edir. Belə ki, Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmağı və 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan mənbələrin payını 30%-ə çatdırmağı qarşıya məqsəd qoyub. Bu kontekstdə, beynəlxalq səviyyədə tanınan, şəffaf və izlənilə bilən I-REC mexanizminin tətbiqi yalnız dekarbonizasiya proseslərini dəstəkləmir, eyni zamanda bərpa olunan enerji mənbələri şəbəkəsinin rəqəmsallaşdırılmasına və enerji axınlarının daha dəqiq izlənməsinə mühüm töhfə verir.
I-REC(E) sistemi məhz bu ehtiyacı qarşılayan qlobal mexanizmdir. Bu sistem çərçivəsində təqdim olunan sertifikatlar elektrik enerjisinin bərpa olunan mənbələrdən istehsal olunduğunu təsdiq edir və beynəlxalq bazarlarda sərbəst şəkildə ticarət edilə bilir. Hər bir I-REC sertifikatı 1 1 MVt saat bərpa olunan elektrik enerjisinə bərabərdir və bu enerji istehlakçılarına öz karbon izlərini, xüsusilə “Scope 2” emissiyalarını effektiv şəkildə idarə etməyə imkan verir.
Eyni zamanda, bu mexanizm alternativ enerji müəssisələrinin beynəlxalq platformada “yaşıl enerji istehsalçısı” kimi qeydiyyatdan keçməsinə imkan yaradır və onların istehsal etdiyi enerjinin dəyərini qlobal bazar səviyyəsində tanınan şəkildə artırır.
Qeyd etmək vacibdir ki, I-REC qlobal mexanizmi I-TRACK Fondu tərəfindən idarə olunur və sistem Evident Registry üzərindən fəaliyyət göstərir. Bu platforma vasitəsilə I-REC sertifikatları beynəlxalq standartlara uyğun olaraq qeydiyyata alınır, izlənilir və emissiya olunur.
Azərbaycanda bu sistemin tətbiqi ilə ilk dəfə olaraq yerli bərpa olunan enerji istehsalçıları və müəssisələr birbaşa akkreditə olunmuş Yerli Qeydiyyatçıya müraciət edərək həm yaşıl enerji müəssisələrini beynəlxalq platformada qeydiyyatdan keçirə, həm də sertifikatlaşdırma prosesindən keçə biləcəklər. Bu isə prosesi daha əlçatan, operativ və şəffaf edir, eyni zamanda yerli bazarın inkişafına və ixraca əlavə stimul verir.
Bu çərçivədə İnvestBaku ölkədə ilk akkreditə olunmuş Yerli Qeydiyyatçı kimi fəaliyyətə başlayaraq, I-REC(E) sertifikatlarının qeydiyyatı və emissiyası xidmətlərini təqdim edir. Şirkət bu sahədə beynəlxalq standartlara uyğun xidmət göstərməklə yanaşı, həm yerli istehsalçıların, həm də korporativ enerji istehlakçılarının qlobal yaşıl enerji bazarına inteqrasiyasını dəstəkləyəcək.
Yeni mexanizmin tətbiqi Azərbaycanda bərpa olunan enerji aktivlərinin dəyərinin artırılmasına, investisiya cəlbediciliyinin yüksəlməsinə və ölkənin regional “yaşıl enerji” mərkəzi kimi mövqeyinin güclənməsinə xidmət edir.